Dünyanın səs düyməsi
Yatağından dik atıldı. Yuxarı qonşu nəsə taqqıldadırdı. Saata baxdı, 7-yə qalırdı. Dünən də eynən bu vaxt həyətdə bir maşınınsiqnalizasiya səsinə oyanmışdı. Elə yerinin içindən Allaha şikayətlənməyə başladı: İlahi, özün bir çarə qıl, öldür bu qonşunu, çevir o maşını, dəli oluram…
Qonşunun qapısını döydü. Qapı aralandı, diqqətini ilk çəkən qapını açmış xanımın şortiki oldu. Oğurluq göz gəzdirdi, gənc qadının sarı maykasında yumruq şəkli vardı. Nəsə deməli idi. Dedi xanım, yuxarıdan gələn səsə yatmaq olmur. Qadın bu dəfə qapını teatr pərdəsi kimi kənara çəkib heykəlini irəli verdi:
-Saat 7-də idman edirəm, etməyim?!
-Xanım, mən gecələr işləyirəm, səhər yuxusu olmasa bataram…
-Qulağına pambıq tıxa! – dalınca da qapı üzünə çırpıldı!
Məscidə getməzdi, Mirzəni görmək üçün məcbur qaldı. İçəri girmədi, Mirzəni bayıra çağırdı. Amma qapıda ayaqqabıları cütləyən kişi qabağa düşdü. Dedi ay Mirzə, axır vaxtlar məhəllədə şortikli qız-gəlin çoxalıb, neyləyək? Mirzə dilinin altında zikrini dayandırmadan “küçəyə çıxmayın” – dedi. İrəli getdi ki, sözünü desin, Mirzənin telefonuna zəng gəldi. Mirzə nömrəyə baxıb ona sus işərəsi verdi, ikiqat olub düyməni basdı, “buyurun Səyavuş müəllim, nə qulluğunuz”, dedi. Telefonun o başındakı səs aydın eşidilirdi: “Məlumat var ki, sizin kvartalda çadralıların sayı artır, hara baxırsan!” Mirzə udqundu, “baş üstə, tapşıraram, küçəyə çıxmasınlar…” Telefon “dud, dud, dud” etsə də Mirzə hələ ikiqat qalmışdı. Fürsəti əldən verməyib sözə başladı. Dedi bir dua istəyirəm, qonşuların şərindən canım qurtarsın. Mirzə su altından çıxmış kimi nəfəs dərib, qəddini düzəltdi, dedi vatsapa ataram…
Bir həftə idi dua oxuyurdu. Sevincindən uçmağa qalmışdı. Səs kəsilməkdə idi. Hə, hə, kəsilməkdə! Yəni yavaş-yavaş, gündə bir az azalırdı. Axır tam sakitlik yarandı.
Səhər oyandı, padşahlar kimi gərnəşdi. Saat 10 idi. Qulaq verdi, elə bil Əzrail şəhər camaatını torbaya doldurub aparmışdı. Ölü bir sükut!
Əl-üzünü yuyub geyindi. Evdən çıxdı ki, çörək alsın. Yolu keçəndə asta tormoz səsi gəldi. Döndü, maşının buferi ayağına dirənmişdi. Sürücü maşından düşüb ley kimi üstünə şığıdı. Elə bil lal idi, ağzı tərpənsə də səsi çıxmırdı. Oğlanla burun-buruna gəldi, lalsan dedi. Oğlan bir an onun üzünə təəccüblə baxdı, sonra yaxına gəldi. Əllərini rupor edib ağzını onun qulağına dirədi:
-Mən lal deyiləm, sən karsan!
… Allah nə etməli idi axı! Qonşunu öldürdü, başqa qonşu gəlməyəcəkdi? Allah şəhərə düşüb maşınların siqnalizasiyalarını, siqnallarını qırmalıydı? Alllah, dörd tərəfdəki tikinti obyektlərində kranları aşırıb işi dayandırmalı idi? Yox, dadaş, bundan rahat yol yox idi!
Yolüstü mağazaya döndü. Qulaq aparatı soruşdu… Satıcı aparatı qoydu piştaxtanın üstünə. Qiymətini soruşdu. Qız başına kül olsuna bənzər hərəkətlə iki əlini açıq vəziyyətdə havaya qaldırdı, üç dəfə irəli-geri apardı. Yəni 30 manat!