Həmişə təmizlikdə! (hekayə)

Məsciddə hamı qaçaqaçda idi. Xalçaları tökmüşdülər çölə. Silib-süpürürdülər. Uşaqlı-böyüklü kefləri kök idi. Bəli, təmizlik işi qəm-qüssəni unutdurur. Çölü təmizlədikcə adamın içi də təmizlənir…

Ötən həftə  məsciddə seyrəklik oldu. Kənd camaatı məscidə uzaqdan baxır, ötüb-keçirdi. Molla Əlinin neçə il təlaşı hesabına başa gələn camaat namazında üç-beş qoca qalmışdı, bir də uşaqlar. Qocalar hər  şeyi bilsələr də, uşaqlar hər şeydən xəbərsiz idi. Qocalar bilirdilər ki, məsciddə qıldıqları namaza şeytan barmaq qoyub. Bir-birlərinə təsəlli verirdilər: dünyada nöqsansız nə var ki! Həm də vaxt keçirməyə başqa yer yox idi. Uşaqlarsa həmişəki kimi azandan qabaq məsciddə idi. Hamıdan sonra evə dönürdülər. Maraqlanmırdılar da, nə üçün axır günlər adamlar məsciddən uzaq gəzir.

Məscidin tikilməsində, camaatın ümid yeri olmasında molla Əlinin zəhməti çox idi. Hətta kəndin namaz qılmayan adamları da məscidə Kəbə kimi baxırdılar. Hamı da deyirdi ki,  məscidin hörməti molla Əlinin hörmətinə görədir. Bəlkə də elə hər yerdə  camaat mollaya görə məscidi sevir. Amma molla hamı kimi olanda məscid də o biri binalar kimi olur. Bəli, son günlər molla Əlinin də qaşqabağı açılmırdı. Ayaqlarını sürüyə-sürüyə namaza gəlirdi. Nə söhbətə, nə sual-cavaba halı qalmışdı.

Hər şey  o yuxusuz gecədən başladı. İlan vuran yatdı, molla Əli yata bilmədi. Evdən çıxanda sübh azanına xeyli qalmışdı. Sübhlər məscidə az adam gəlirdi. Yarısı da uşaqlar olurdu. Molla Əli uşaqlarla çox mehriban idi. Hamıya da tapşırmışdı ki, uşaqlara diqqətli olsunlar. Azanı uşaqlar verərdi, duaları uşaqlar oxuyardı. Uşaqların özünü məsciddə ağa kimi aparması molla Əliyə ləzzət verirdi. İnanırdı ki, məsciddə böyüyən uşaq nə xəta eləsə də, insanlıqdan çıxmaz. Həmişə belə duyğularla məscidin qapısını açardı. Bu günsə çiyinlərinə dağ qoyulmuşdu. Kefini pozacaq heç bir hadisə yadına gəlmirdi. Öz pərişanlığına özü də məəttəl qalmışdı…

Molla Əli pinəçi idi. Məscid tikiləndən sonra qapılarındakı taxta budkanı məscidin yanına gətirmişdi ki, məsciddən də göz-qulaq olsun. Sübh namazını qılıb evə qayıdar, səhər yeməyindən sonra budkaya gələrdi. Həmin gün də elə oldu. Budkanın qapısını açanda Qara  Baratın cipi yanında dayandı.  Barat şüşəni aşağı salıb “sabahın xeyir, molla”, dedi. Mola Əli ürəyində şeytana lənət oxuyub Baratın salamını aldı. Kənddə molladan acığı gələn bir nəfər vardısa, Barat idi. Molla Əli də xəlvət dualarında Allahdan istəyirdi ki, kəndi Baratın şərindən qorusun. İndi şər dayanmışdı məscidin qapısında! “Molla, məscidə ehsanımız var, uşaqlar bir-iki saata gətirəcək”, dedi və sükan arxasında oturmuş oğluna işarə etdi ki, sür.

Molla Əli heç vaxt əlinə bu qədər biz batırmamışdı. İki saata  neçə dəfə əlini dəldi Allah bilir. Deyilən vaxtda Baratın qardaşı pikap maşınla qapıda dayandı. Fəhlələr maşının arxasındakı xalçaları məscidə daşıdılar. Molla Əli yerində donub qalmışdı. Baratın qardaşı “molla,   dadaşım tapşırıb xalçaları məscidə döşəyim sonra gedim”, dedi. İş işdən keçmişdi. Kəndin qara yarası olan Barata nəsə başa salmaq mümkünsüz idi. Bu adama necə deyəsən ki, Allaha, məscidə ən böyük hörmətin uzaq dayanmağındır. Qara Barat kənddən kənarda da baron – narkotacir kimi tanınırdı. Ona gözün üstə qaşın var deyən yox idi. Üzü gələnlər “Barat, narkotikanın axırı yoxdur” deyəndə, deyirdi mən Rusyətə göndərirəm, burda satmıram. Gözünün içinə qədər yalan deyirdi. Narkotika ilə xalqı öldürən üçün yalan danışmaq nədi ki! Hələ xeyir-şər məclislərində utanmaz-utanmaz camaata nəsihət də verirdi ki, oğurluq etməyin!! Oğrunun malını halallıq almaqla təmizə çıxarmaq olar, narkotika pulunu yox! – Barat belə şeyləri qanmazdı.

…Günorta namazından qabaq çox qəribə səhnə yaranmışdı. Məscid əhli qapıda dayanıb xalçalara baxan molla Əlinin arxasında sıralanmışdı. Göz oxşayan xalçalar hansı pula alınmışdı? Bunu uşaq da bilirdi. Molla özü ilə ölüm-qalım davasında idi. Ayağını xalçaya qoyub məscidə girsəydi, hamı dalınca gələcəkdi. İndi gəl haram pulla alınmış xalçalar üstündə bir ömür camaat namazının cavabını ver! Yox, o bu addımı ata bilməzdi. “Heç vaxt!”- deyib geri döndü, məsciddən çıxdı. Birbaşa evə gəldi. Bir həftə özü ilə çarpışdı. Rəngi-ruhu solmuşdu, lap ölüyə oxşayırdı. Necə keçdi bu bir həftə, aman Allah! Nəhayət, bismillah deyib üz tutdu Qara Baratın evinə. Hər addımda içində bir səs deyirdi ki, özünü hörmətdən salma, Barat söz eşidən deyil, üstəlik söyüb-döyə də bilər. Amma dayanmadı. Qəribədir, Baratın saraya bənzər evinə yaxınlaşdıqca yüngülləşirdi. Yolda Baratın Pikapı yanından yel kimi ötüb keçdi. Baratgildə nəsə olmuşdu, qapıda xeyli adam vardı. Üz-üzə gələn uşaqdan nə baş verdiyini soruşdu. Uşaq dedi Baratın maşını çevrilib, Barat ölüb! Molla Əlini sanki yerə mıxladılar. Gözündən yaş muncuq kimi gilələnirdi…

Hə, məsciddə hamı qaçaqaçda idi. Xalçaları tökmüşdülər çölə. Silib-süpürürdülər. Uşaqlı böyüklü kefləri kök idi. Bəli, təmizlik işi qəm-qüssəni unutdurur. Çölü təmizlədikcə adamın içi təmizlənir…

#1damla_org_A_Eyvaz