Əsrin ehtiras oyununun piyadaları (peşkaları)

Hamımız yol gedirik: bağçadan başlamış qəbiristanlığa qədər! Yolda qarşısına od çıxan adam oda girmir, yolunu dəyişir. Atalar kişi üçün yad qadını, qadın üçün yad kişini oda bənzədib. Odla pampığın nə dostluğu!

Bəli, atalar çox söz deyib. Amma bir Azərbaycanda yox, bütün dünyada boşanmaların, ailə zəminində münaqişələrin artdığı zamanda “sözdür də deyib” yanaşması ən azı  məsuliyyətsizlikdir.

Dinimiz insanı günah olan mühitdən uzaqlaşmağa dəvət edir, “zəifsən, mühit səni həzm edər”, deyir. Bağlı otaqda yad kişi ilə yad qadın (naməhrəmlər) günahın bir addımlığındadır. Naməhrəmlə təklikdə qaldıqda qapını açıq saxlamaq tövsiyə edilir. Şəffaf liftlərin əsas faydası da budur: yad kişi ilə yad qadın özlərini gözdən uzaqda görmür.

Bu gün yad kişi ilə yad qadının ünsiyyətinə, isnişməsinə, məzələnməsinə, sevişməsinə, cinsi əlaqəyə girməsinə adi baxanlar da var. Liberal mədəniyyət ərli qadının yad kişi, ailəli kişinin yad qadınla münasibətlərinə məhdudiyyət tanımır. Könüllü olubsa tamam!! Avropa mədəniyyəti deyilən   şeydə kişi arvadının ona xəyanətindən şikayət edə bilməz. Beləsinə geri qalmış adam kimi baxarlar. Amma həmin Avropada bu gün də AYRI TƏHSİL var. İngiltərədə elit ailələrin övladları, o cümlədən şahzadələr (Çarlz, Uilyam, Henri) məhz oğlan məktəblərində təhsil alıb. Qız və oğlanların ayrı-ayrı təhsil almasının (ayrı təhsil) bircə səbəbi var: təhsil daha faydalı, daha uğurlu olur. BİRGƏ TƏHSİLin nəticələri dünya miqyasında ürəkaçan deyil. Belə məktəblərdə yetkinlik yaşına qədəm qoymuş şagird və tələbələr üçün dərsə maraq cinsi münasibətlərə marağın kölgəsində qalır. Eyni fərq AYRI İŞdə də müşahidə olunur. Kişi və qadınların ayrı-ayrı çalışdığı idarə və müəssisələrdə nəticə, məhsuldarlıq daha yüksəkdir. Deyilənləri əksər ciddi araşdırma mərkəzləri, o cümlədən Londonun CLS mərkəzi təsdiqləyir. Təhsil araşdırmalarında “Diamond model” kimi sistemlər də təklif olunur. Qız məktəbləri assosiasiyasının rəisi Alon Cons sinifləri 11 yaşda ayırmaq, 16 yaşda təkrar birləşdirməyi təklif edir… Bu gün təkcə təhsil yox, yad kişi ilə yad qadının kontakta girəcəyi bütün məkanlarda onları ehtiras oyununun qurbanı olmaqdan qoruyacaq layihələr təklif olunmalıdır.

İnsanlar  ətraf aləmi dərk etmə növünə görə 4 qrupa bölünür: kinestetik, audial, vizual, diqital. Birincilər toxunma, ikincilər səs, üçüncülər görüntü, dördüncülər məntiqi analizlə  irəli gedir. Qadın-kişi münasibətlərində də bədən, qulaq və göz təyinedicidir. Başqa sözlə, kimi toxunma ilə, kimi baxmaqla, kimi eşitməklə (səslə) təsirlənir. Almaniyada qadınların təhlükəsizliyi üçün sürücüsü qadın narınıcı taksilər xidmət göstərir. Müasir dünyada ictimai nəqliyyatda qadınlar üçün ayrıca yer nəzərdə tutulması kimisə təəcübləndirmir. Birgə ictmai nəqliyyatda isə əks cinslərin müxtəlif formalarda fiziki kontaktı qalmaqalsız ötüşmür. Kişi də, qadın da toxunmaqdan təsirlənir və bu toxunma məhz eyni mühitdə olmaqla baş verir. Dinimizdə yad qadının saçından bir tük görməyin günahından danışılır. Bəli, bir tük görməklə dünya dağılmır, amma hər şey tükdən başlayır. Qadın çimərlikləri nə üçündür? Qadın əyləncə mərkəzləri nə üçündür? Qadın tualetləri nə üçündür? Çünki əks cinslər həm də görməklə təsirlənir. Marketinq fəaliyyətlərində qadınlardan istifadə də təsadüfi deyil. Telefon zəng çalır, dəstəyi qaldırırsız və sizə məsələn avtomobiliniz üçün benzintəmizləyici əlavə qurğu təklif olunur. Bu qurğu zavodda quraşdırılmır və sınaq dövrü keçən ixtiralardandır. Əgər xəttin o biri başındakı kişisə siz dərhal imtina edirsiniz. Əgər qarşı tərəf qadınsa söhbət uzana da bilər. Yalnız səsin təsiri altında siz lazımsız bir şeyə pul verə bilərsiniz. Nə üçün? Səs təsirlidir, səs təsirləndirir!

İsrailin kəşfiyyat idarəsi MOSSADın qadın əməkdaşlardan istifadə etməsi kimsəyə sirr deyil. İsrailin sabiq xarici işlər naziri Tzipi Livni Fransada casusluq fəaliyyəti zamanı müxtəlif kişilərə yatağa girməsindən və bu yolla kəşfiyyat məlumatı toplamasından həvəslə danışır.

Qadınların kişilərlə bərabərlik həvəsi siyasi feminizmin təlqinlərindən başqa bir şey deyil. Bəli, qadın avtomobil sürə bilər. Qadının traktor, kombayn da sürməsi mümkündür. Qadın kotan da sürə bilərmi?! Qadın üçün ayrı təhsil, ayrı iş yeri, ayrı nəqliyyat, min dəfə üzr istəyirəm ayrı tualet qadını kiçiltmək yox, qorumaq üçündür. Yad kişi ilə kontakt qadının süqutunun başlanğıcıdır. Bu kontakt səsdən, baxışdan, əl tutmaqdan başlayıb tam süquta qədər uzana bilər. Həyatında yeni bir qadının peyda olması ilə böyük biznesi süquta uğrayan kişilər də kifayət qədərdir.

Bu gün kişi ya qadın üçün birgə təhsildə, birgə fəaliyyətdə, birgə nəqliyyatda, birgə sosial şəbəkədə (ayrı şəbəkə yaratmağın özü bir problemdir) iflas təhlükəsi var. Qeyri-qanuni, qeyri-rəsmi cinsi münasibətin nəticəsi qeyri-qanuni doğulmuş uşaq da ola bilər. Əsil “üçlükdə seks” elə budur. İndi deyin nə olsun ki!!

Aran Eyvaz

25 dekabr 2019