İnsanları qruplara bölməsən…
İnsan özünü, ətrafını, Allahı (Ona inanmayanlar təbiəti) tanımadan sıfır nöqtəsində belə qala bilməz və süquta məhkumdur. İnsana öz daxilindən, ətrafından və Allahdan həm təsirlər, həm reaksiyalar var. “Dəymə mənə, dəyməyim sənə” məsələni şişirdib, sakit yaşamağın düsturuna çevirənlər yanılır. Çünki insan təkcə öz hərəkətlərinə cavab almır, o həm də ilahi qanunların, təbiət və cəmiyyət qanunlarının, vücud qanunlarının yolu üstündə dayanıb. Sakit, kimsəyə dəyib-dolaşmayan adam dağ kimidir. Onun kiminləsə işi yoxdur. Amma onunla işi olanlar var. Təbiət onu silkələyir, insan onu yarıb tunel çəkir, daxildən tektonik proseslər yaşayır. Dağ bu təsirlərə cavab verməkdə zahirən acizdir. İnsan isə xoşbəxt olmaq, minimum özünü qorumaq üçün çalışmalı, çıxış yolu taplamalıdır.
Allahı tanımadan Onun qanunlarını müəyyən edə bilməzsən. Bu istiqamətdə qanunları fərqli dinlər və ya dinsizliklərdən birini seçməlisən.
Cəmiyyəti, ətrafını tanımadan səndən tələbləri, ətrafdakı təhlükələri dəyərləndirməyin mümkünsüzdür. Ətrafı tanımaq, insanları qruplaşdırmaq, qruplarla tələblər əsasında münasibət qurmaq cəhdinin cəmiyyəti parçalamaq azarına, xalqı bir-birinə qarşı qoymaq xəstəliyinə heç bir aidiyyatı yoxdur. Biz parçalamaq yox, parçalananları tanımağa cəhd göstəririk. Bu sahədə məlumatlanırıq ki, həccə getmiş, hazırda İsraildən qrant alanların qurbanına çevrilməyək.
Özünü, vücudunu, heykəlini və ruhunu tanımadan içindən gələn ehtiyaclarla tanış ola bilməzsən.
Amma mövzumuz ətrafı tanımaqdır. Ətrafı tanımaq üçün cəmiyyəti qruplara bölmək, sonra hər qrupun tələbləri (ehtiyacları) və hər qrupdan tələblərin əsasında münasibət qurmaqdır.
Ümumbəşəri təsnif necədir? Quran Bəqərə surəsində insanları mömin, kafir və münafiq olmaqla 3 qrupa bölür. (ayə 1-20)
Sual yaranır ki, başqa dinlər din sayılmır? Ali-İmran surəsində oxuyuruq: Allah yanında haqq din İslamdır… Kitab verilmiş şəxslərə və oxumamışlara de ki, təslim oldunuzmu?.. Sənin vəzifən ancaq haqqı deməkdir… Kim İslamdan başqa din ardınca gedərsə, qəbul olunmaz, o şəxs axirətdə zərər çəkənlərdən olar… (ayə 19, 20, 85)
Vicdan sual verir: Axı nə üçün səmavi kitablardan olan Tövrata, İncilə etiqad və əməl məqbul sayılmasın? Cavab qətidir: Həmin kitablar təhrif oluduğu üçün son kitab – Quran nazil olub. Amma vicdanın sualına Quran cavab verir: “İman gətirənlərdən, musəvi, isəvi və sabiilərdən Allaha, axirət gününə inanıb yaxşı iş görənlərin mükafatı Rəbbinin yanındadır. Onların nə bir qorxusu olar, nə də onlar bir qəm-qüssə görərlər.” (Bəqərə surəsi, ayə 62) İman və saleh əməl! Bəli, istənilən səmavi dinə etiqadlı, Allaha ibadət edən, saleh əmlli insan İslamda möhtərəmdir. Vicdan ibadət edən və xeyir iş görən müsəlmanı ibadət edən və xeyir iş görən xristiana yaxın görürsə, İslam da yaxın görür. Üstün din isə İslamdır. Təhrif olunmuş kitab ardıcılları üçün zərər var. Luqa incilindən bir səhnəni yada salıb keçək: Bir əxlaqsız qadın İsanın hüzuruna gəldi. İsanın ayaqlarını göz yaşları ilə yudu, saçları ilə quruladı. Bu səhnəni görən ev sahibi şəkkə düşdü ki, bu necə peyğəmbərdir?! Qurandan əvvəlki kitablarda belə təhriflər çoxdur.
Bəzən imanın dərəcələri var deyib dinə biganə insanları da iman əhlinə qatırıq. İman dərəcələrində doğrudanmı dinə biganələrə yer var? Gəlin kafirlərdən başlayaq. “Kafirdir e” deyib, lənətləməyə, daşlamağa tələsməyək. Kafirlər də qruplara bölünür.
İslam şəriətində 4 qrup kafir var. Zimmi kafirlər İslam hökumətinin himayəsində yaşan dinc kitab əhlidir. İslam sərhədlərindən kənarda yaşayan, amma müsəlmanlarla əhd-peyman bağlayıb sülh şəraitində yaşayan kitab əhli muahid adlanır. Üçüncü qrup muhadindir. Onlar nə İslam himayəsindədir, nə müsəlmanlarla əhd-peyman bağlayıblar. Müsəlmanlarla heç bir əlaqələri yoxdur. Dördüncü qrup muharib qrupudur. Muharib qrupuna müsəlmanlarla vuruşanlar, vuruşanlara yardım edənlər daxildir. Bu qrup nəinki müsəlmanların, bəşəriyyətin düşmənidir. Bu gün Amerika, İsrail muharib kafirlərdir, dünyanda əmin-amanlığı pozurlar. Müsəlman ölkəsində İslama qarşı kafirə yardım edən və özünü müsəlman adlandıranlar da var!!
İman dərəcələrinə keçək. İman yolunda hərəkət üçün öncə müsəlman olmaq lazımdır. Allahın bir, Həzrət Məhəmmədin (s) son peyğəmbər olmasına şəhadət verən şəxs müsəlman olur. Müsəlman olur, yəni bu şəxsə İslam hökmləri tətbiq edilir: pakdlr, müsəlmanla izdivac edə bilər və s . İmam Riza (ə) buyurur: “İman İslamdan (müsəlman olmaqdan) bir dərəcə yüksəkdir…” Müsəlman olmaq iman dərəcəsi deyil, iman üçün müqəddimədir. Hucurat surəsi, ayə 14: “Ərəblər dedilər ki, biz iman gətirdik. Ya Peyğəmbər, onlara de ki, siz iman gətirmədiniz. “İslamı qəbul etdik” – deyin…”
Başqa bir maraqlı hədis. İmam Sadiq (ə) buyurur: “Müsəlman o şəxsdir ki, xalq onun əlindən və dilindən amandadır. Mömin o şəxsdir ki, xalq onu öz malı və canına əmanətdar sayır.” (المُسلمُ مَن سَلِمَ الناسُ مِن يَدِهِ و لِسانِهِ ، والمُؤمِنُ مَنِ ائتَمَنَهُ الناسُ على أموالِهِم و أنفُسِهِم)
İslamdaxili parçalanmalar: Sünnə əhli və şiələr arasında məşhur və mətni fərqli bir hədis var. Biz həmin hədisi şiə mənbəsindən nəql edirik. Hədis təvatirdir, yəni müxtəlif yollarla çox nəql olunub, yalan olması ehtimal edilmir. Əmirəlmöminin (ə) Həzrət Peyğəmbərin (s) dilindən nəql edir: “Musadan sonra onun ümməti 71 firqəyə bölündü… İsadan sonra onun ümmməti 72 firqəyə parçalandı… Məndən sonra qısa vaxtda ümmətim 73 firqəyə bölünər…”(Səfinətul-bihar, c.2, səh.360)
Böyük Qeyb dövründə İmam Mehdinin (əc) ətrafında 500 nəfər var. Əvtad – 4 nəfər (Xızır, İlyas…), əbdal – 40 nəfər, nucəba – 70 nəfər, suləha – 360 nəfər. Bu 500 nəfər daim İmamın ətrafındadır, hər birinin öz məsuliyyəti var. İbrahim İbn Əli Kəfəmidən (Əl-Misbah kitabının haşiyəsi) nəql olunmuş hədisdə 500 nəfərin “qütbdə” toplandığı deyilir. “Qütb” İmam Mehdi kimi şərh edilir.
Mövzu ətrafında suallar… İslamda spirtli içki içənə yer varmı? Həzrət Peyğəmbər şəraba münasibətdə on qrupu lənətləyib: Şərab üçün ağac əkən, ona qulluq edən, üzümünü sıxan, onu qabda daşıyan, pulunu ələ alan, şərabı təhvil götürən, onu satan, onu alan, onu badəyə süzən, onu içənlər… Zina, sələm kim başqa günahlar da bu qəbildəndir.
Və nəhayət. Bu gün Allah ibadət yoluna gələnlərlə yanaşı bu yolu tərk edənlər var. Gələnlərin də və gedənlərin də özünəməxsus dəlilləri! Hazırda mövzumuz ibadətə, saleh əmələ lüzum olmadığını düşünənlərdir. Təbii ki namaz qılaraq günaha gedənlərin kimliyi də araşdırılmalıdır və bu ayrı bir mövzudur. Həyatda araq dükanı işlədən, sosial şəbəkələrdə şəhvət doğuran qadın şəkilləri paylaşan namazqılanlarımız, hacılarımız da var. Hələ ki söhbətimiz dünyanın halal-haram ləzzətlərindən feyz aparıb “mən də möminəm” deyən, amma ibadət-itaətdən uzaq adamlar haqqındadır.
Həzrət Peyğəmbərdən (s) nəql olunan hədislər arasında iman-küfr münasibtələrinə aid hədislər kifayət qədərdir. Həmin hədislərdən biri: “Kafirlə müsəlman arasında bir fərq var: vacib namazın bilərəkdən tərki, namaza yüngül yanaşıb ibadət etməmək. ” (ما بينَ المسلمِ و بينَ الكافِرِ إلاّ أن يَترُكَ الصَّلاةَ الفَريضَةَ مُتَعَمِّدا، أو يَتهاوَنَ بها فلا يُصَلِّيَها)
Qayıdaq söhbətin əvvəlinə. Bu gün demokratiyada və cinayətkarlıqda öndə gedən ölkələrdə də gündəmdə olan əsas mövzulardan biri ətrafı tanımaqdır. Təhlükə dolu dünyamızda sonadək tanımadığın insanla hər hansı ünsiyyət, yersiz bir təbəssüm bütün həyatı cəhənnəmə döndərə bilər. Yersiz çəkinmələrin, ehtiyatlılığın da sonu dünya və axirət faydalarından məhrumluq olar.
Qarşınızdakı insan yalnız başqa dindən olduğu üçün onu təhlükəli saymayın. Həzrət Peyğmbərin (s) dinc yəhudi qonşularla xoş rəftarları səmərəsiz olmadı. Qarşınızdakı insan yalnız müsəlmandır deyə ona etibar etməyin. Bu gün Yəmən qırğını, Mina faciəsinin səbəkarları da müsəlmandır. İslam Dövləti adı altda hərbi kafirə sillə vurmayıb, şiənin başını kəsənlər də (Ustad Qəraətidən) müsəlmandır. Müsəlman ölkəsində hicaba qadağa qoyan, dini fəalları şərləyib həbsə alan da müsəlmandır. Ünsiyyətə məsciddə sizinlə çiyin-çiyin oturmuş insandan başlayın. Sınağa çəkin. Peşman tövbəkarları özündənrazı tövbəkarlardan fərqləndirin. Qəlbində Allah xofu olanlara əl uzadın. O insanlar ki, Allahın ayələrinə biganə deyil:
Həqiqətən, möminlər nicat tapmışlar…
O kəslər ki, namazlarında müti olub boyun əyər…
O kəslər ki, boş işlərdən üz döndərər;
O kəslər ki, zəkat verər;
O kəslər ki, ayıb yerlərini qoruyar;
Zövcələri və cariyələri istisna olmaqla – onlar buna görə qınanmaz;
Bundan artığını istəyənlər azğınlardır;
O möminlər ki, əmanətlərini və əhdlərini qoruyub saxlayar… (Muminun surəsi, 1-8)
Aran Eyvaz