Dostlar əhval sormasa biganələr tək, qəm yemə,
Gün gələr şahzadələr sən tək qalar tək, qəm yemə.

Dünyada gördüklərin bir röyadı, durmaz ötər,
Röya bilsən, təkliyə asandı dözmək, qəm yemə.

Vallahı dostlarla şeytan baş qatır gün boş keçə,
Az deyil dostlar ki Allaha qılır şək, qəm yemə.

Ol bir Allah tək yaratmışdırsa varlıq aləmin,
Gün sayan yol əhlinə təklik də dəstək, qəm yemə.

Bir olan Rəbbiylə qalmış bəndə əsla tək deyil,
Qorxu bilməz yer yarılsa, çaxsa şimşək, qəm yemə.

Bəlkə ol dostdur bir hikmətlə unutdurmuş səni,
Tək qalıb əlbət deyərsən onda ləbbəyk, qəm yemə.

Bil əziz dostlar da möhtac bir qədər tənha qala,
Kimsəsizlik bəsləyər ruhunda məslək, qəm yemə.

Zövq ala bilsən əgər Allahla xəlvət ünsdən,
Varlısan, ol qəlbi boş dostlardan  əl çək, qəm yemə.

Aran Eyvaz