Ətrinə gəlmişdim, çaldı tikanın,
Afərin ağlına gendən baxanın.
Çox dedilər, inanmadım – düz imiş,
Dilindəki ovsun imiş, söz imiş.

Ay kimi uzaqdan nur çiləsən də,
Soyuqmuşsan işdə ay kimi sən də.
Bir ayna imişsən, əksin özgənin,
Göstər görüm kimdi sahibin sənin?

Bu ətir, bu surət, bu dil haradan?
Dərmanım çiçək yox, onu yaradan.
Ey qasid, mövlana al-apar məni,
Seyrəngaha çəkmə, göstər vətəni.

Aran Eyvaz