Zorun yoxsa, zərin yoxsa
2020/12/03 at 11:53 am
No comments
Gizlənib danışmaq olmur –
Axır qapını döyürlər
Daşdan dönən səs dalınca.
Gizlənib alışmaq olmur,
Alışmağın tüstüsü var –
Yaşa hava qaralınca!
Danışasan quş dilində,
Alışasan öz içindən –
Dəli deyib daşlayallar.
Kar olasan, başın üstə
Divlərə məddahlıq edib,
Cırtdanı qarğışlayallar.
Bir yurdda min din olarmış,
Bir dində əlli min kitab,
Bir kitabda dörd yana yol.
Eşq ayəsin vur oxuyan
Vurar eşqin ürəyindən –
Ən lazımsız şeymiş ağıl!
Bir həqiqət dərk eləyən
Desə susmaq cinayətdi –
Açıq yanıb, açıq desə!
Baxmasa kiçik boyuna,
Baxmasa böyük oyuna,
Axırda özündən küsər.
Doğru söz də yalan kimi
Zorla keçir qapılardan,
Zərlə durur ürəklərdə.
Zorun yoxsa, zərin yoxsa,
Baş ağrıtma, kənardan bax,
Yerin yoxdu bu şəhərdə.