Nə qədər yoldadı ölüm…
2020/03/14 at 6:20 am
No comments
Mən günəş altda yanmağı,
sən qara batıb donmağı
sevə-sevə yaşamışıq –
öyrənmişik dolanmağı!
***
Sən gecələr ulduzsayaq,
mən gündüzlər quş tək oyaq,
heykəllərimiz baş-başa,
ürəklərimiz baş-ayaq.
***
Sən güllərə su tökəndə
görməzsən susuzam mən də,
namaz qıllıq, salam verrik,
sən bir dində, mən bir dində.
***
Nə qədər yoldadı ölüm
yaşamaq lazımdı, gülüm,
dünya budu, adəm budu,
düzəlməz, qoymaz düzəlim.